Mərkəzi Bank uçot dərəcəsini aşağı saldı

"Mərkəzi Bankın əhalinin bank kreditləri istiqamətindəki araşdırmaları davam edir".

 

APA TV-nin məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib: "Görünür ki, bu araşdırmalar yekunlaşandan sonra hökumət və Mərkəzi Bank müəyyən qərarlar qəbul edə bilər. Söhbət tək faizlərdən, valyuta kreditlərindən getmir. Bütövlükdə bank sektoru, onun sağlamlaşdırılması, kapitallaşdırılması, maliyyə vasitəçiliyinin təmin olunması, o cümlədən əhalinin və biznesin bu istiqamətdə, onların maliyyə vəziyyətinin sağlamlaşdırılması istiqamətində araşdırmalar həyata keçirilir. Bu araşdırmalardan sonra yəqin ki, belə bir qərar qəbul oluna bilər".

 

Baş bankir eyni zamanda Mərkəzi Bankın Azərbaycan Cümhuriyyətinin 100 illiyinə hazırlıqları barədə danışıb: "Bu il cənab prezident tərəfindən Cümhuriyyət ili elan olunub. Bu il Milli Cümhuriyyətimizin yaradılmasının 100 illiyi tamam olur və Mərkəzi Bank da yeni yubiley monetasının, sikkəsinin buraxılmasını planlaşdırır. Yubiley şənliklərinə qədər bu sikkə hazırlanıb ölkəyə gətiriləcək və onun təqdimat mərasimi olacaq. O cümlədən ulu öndər Heydər Əliyevin may ayında anadan olmasının 95 illiyi tamam olur. Bu gözəl tarixə də biz yeni yubiley sikkəsi hazırlayırıq".

 

Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyəti aprelin 9-da uçot dərəcəsinin 13%-dən 11%-ə endirilməsi, faiz dəhlizinin yuxarı və aşağı həddinin isə +/- 3% səviyyəsində olması barədə qərar qəbul edib.

Müəllif | Apa.Tv
Fərid Rəsulov