Suriyadakı kimyəvi hücum qalmaqalı böyüyür

Suriyanın Duma yaşayış məntəqəsində kimyəvi silahdan istifadə iddiaları aparıcı dövlətləri birbaşa qarşıdurmaya yaxınlaşdırır.

APA TV-nin TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu BMT baş katibinin Suriya üzrə xüsusi elçisi Staffan De Mistura Təhlükəsizlik Şurasının iclasında bəyan edib. Onun sözlərinə görə, Dumaya aid debatlar beynəlxalq gərginliyin artması fonunda keçirilir.

“Suriyada gərginliyin eskalasiyası təsəvvürümüzə gətirə bilmədiyimiz dərəcədə dağıdıcı nəticələrə gətirib çıxara bilər. Təhlükəsizlik Şurası buna yol verməməlidir”, - deyə de Mistura qeyd edib.

Qeyd edək ki, iclas zamanı Rusiya və ABŞ-ın BMT-dəki daimi nümayəndələri bir-birilərinə qarşı sərt ittihamlar səsləndirib. Bundan əvvəl ABŞ Duma şəhərində kimyəvi silah tətbiq olunması və azı 40 nəfərin ölməsi barədə məlumatı diqqət mərkəzində saxladığını açıqlayıb. Rusiya Müdafiə Nazirliyi isə Dumada kimyəvi silah tətbiq olunmasına dair xəbəri təkzib edib.

Müəllif | Apa.Tv
Apa.tv