Bakıda narkotik alverçiləri həbs edildi

Paytaxtda narkotik vasitələrin qanunsuz dövriyyəsində və alqı-satqısında şübhəli bilinən şəxslər yaxalanıb.

 

DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elvin Heydərov narkotik vasitələrin alqı-satqısında şübhəli bilindiyi üçün saxlanılaraq polis şöbəsinə gətirilib.

 

Hal şahidlərinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilən zaman 2 büküm narkotik vasitə heroin aşkar olunaraq götürülüb. Araşdırmalar zamanı E.Heydərova narkotik maddəni satanın kimliyinə də aydınlıq gətirilib və məlum olub ki, o, heroini İntiqam adlı şəxsdən alıb.

 

Əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli bilinən Ağstafa rayon sakini, əvvəllər məhkum olunmuş İntiqam Hüseynov da saxlanılaraq istintaqa təqdim olunub. Saxlanılan zaman İ.Hüseynovun üzərindən 1.53 qram, yaşadığı evdən isə 2 kiloqram 48 qram hazır qablaşdırılmış formada satış üçün nəzərdə tutulan tiryək və 1,112 qram heroin aşkar olunaraq götürülüb.

 

Faktla bağlı cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Müəllif | Apa.Tv
Ayşən Əhməd