Azərbaycanda prezident seçkiləri keçirilir
Bu gün Azərbaycanda prezident seçkiləri keçirilir. APA TV-nin məlumatına görə, səsvermə hüququna malik olan 5314365 seçici 125 seçki dairəsi üzrə yaradılmış 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsində səs verəcəklər. Xarici ölkələrdə yaşayan Azərbaycan vətəndaşları da ölkəmizin səfirlik və konsulluqlarında yaradılmış müvəqqəti seçki məntəqələrində səs verə biləcəklər.
Seçki prosesini izləmək üçün 60 ölkə 59 təşkilatdan 890 beynəlxalq müşahidəçi Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçib. MSK-da qeydiyyatdan keçən yerli müşahidəçilərin sayı isə 58175 nəfərdir. Hərəkət qabiliyyəti məhdud olan seçicilərin maneəsiz hərəkəti üçün 1455 seçki məntəqəsində mobil pandüslər quraşdırılıb.
İxtisaslaşmış şirkətlər yerli media qurumlarının sifarişi əsasında seçki məntəqələrinin qarşısında “exit-poll” keçirəcəklər. ABŞ-ın tanınmış Arthur J. Finkelstein Associates (AJF) şirkəti də APA İnformasiya Agentliyinin sifarişi ilə “exit-poll” keçirəcək. Bununla bağlı AJF ilə APA İnformasiya Agentliyi arasında müqavilə imzalanıb. “Exit-poll”ların nəticələri səsvermə başa çatdıqdan dərhal sonra açıqlanacaq.
Seçkilərdə prezident seçilmək uğrunda 8 namizəd mübarizə aparır. Səsvermənin ilkin nəticələri seçkilər başa çatdıqdan sonra, axşam saatlarında açıqlanmağa başlayacaq.