“The Washington Times”: Azərbaycan Qərb üçün niyə əhəmiyyətli sayılır?

“The Washington Times” qəzetində Avropa Siyasəti Analiz Mərkəzinin baş eksperti Yanuş Buqayskinin müəllifi olduğu “Azərbaycan Qərb üçün niyə əhəmiyyətli sayılır?” başlıqlı məqalə dərc olunub.

 

APA TV-nin məlumatına görə, xəbərinə görə, yazıda bildirilir ki, aprelin 11-də Azərbaycan xalqı ölkə tarixinin vacib bir mərhələsi ərəfəsində prezident seçkiləri ilə bağlı səs verəcək: “Müasir Azərbaycan ilk müstəqil ölkənin varisidir və onun suverenliyinin qorunması Cənubi Qafqaz və ətraf regionlarda təhlükəsizliyin açarıdır. 1991-ci ilin oktyabrında yenidən müstəqillik əldə etdikdən sonra Azərbaycan müxtəlif regionlar arasında körpüyə, həmçinin Avropa, Rusiya, Mərkəzi Asiya, Orta Şərq və ABŞ üçün vacib olan enerji və nəqliyyat mərkəzinə çevrildi. Azərbaycan Avropanın Mərkəzi Asiyaya çıxışının mərkəzində yerləşir və NATO-nun Əfqanıstandakı hərbi əməliyyatları üçün vacib nəqliyyat və uçuş zonasıdır. Yeni inkişaf etdirilmiş nəqliyyat dəhlizləri ilə Azərbaycan Çinlə Avropa arasında yerləşən İpək yolunda mərkəzi mövqeyə malik olacaq”.

 

Məqalədə qeyd olunur ki, 1994-cü ildə “Əsrin Müqaviləsi” imzalanıb və BP-nin rəhbərliyi ilə xarici neft şirkətləri konsorsiumu Azərbaycanın Xəzər dənizindəki neft yataqlarını inkişaf etdirmək üçün hasilatın pay bölgüsü razılaşmasına daxil olub, bununla da ölkə neft ixracını qərb istiqamətinə yönəlib. Gələn il isə Azərbaycan Gürcüstan, Türkiyə, Balkan yarımadasından keçməklə Xəzər dənizindən İtaliyaya kimi uzanan Cənub Qaz Dəhlizini istifadəyə verərək ilk təbii qazının Avropaya daşınmasına başlayacaq: “Bununla da Avropanın qaz təminatçılarının diversifikasiyasına mühüm töhfə verəcək. Cənubi Qafqazda Azərbaycanın qaz təminatı Gürcüstanın enerji müstəqilliyini təmin etmək və ümumilikdə birbaşa regional təhlükəsizliyə töhfə vermək üçün son dərəcə vacibdir”.

 

Məqalədə diqqətə çatdırılır ki, 1990-cı  ildən bu yana Azərbaycanın 20 faiz ərazisi Ermənistanın tərəfindən işğal olunub. Ölkədə qaçqın və məcburi köçkünlərinin sayı bir milyondan çoxdur. 25 ildir münaqişənin həll edilməsi və ərazilərin Bakının yurisdiksiyasına qaytarılması ilə bağlı beynəlxalq vasitəçilik səyləri isə uğursuzluqla nəticələnib: "Azərbaycan torpaqlarının geri qaytarılması, məcburi köçkünlərin evlərinə qaytarılması, hər il baş verən toqquşmalar zamanı hər iki tərəfdən çox sayda əsgər və dinc vətəndaşların öldüyü regionun demiltiarizasiyası prosesinin başladılması ilə beynəlxalq aktorların, xüsusilə ABŞ və Aİ-nin həll üçün təzyiq etməsinin vaxtı çatıb".

 

Müəllif qeyd edir ki, ərazisində uzun müddət həll olunmamış münaqişənin olduğu və regional terrorizm və islam radikalizmi təhlükəsi ilə qonşu ölkələr arasında böhranın davam etdiyi bir regional mühitdə Bakının ilkin məqsədi milli müstəqilliyi və regional stabilliyi qorumaq olmalıdır. Prezident seçkiləri Azərbaycan vətəndaşlarına hökumətin nailiyyətləri ilə bağlı mövqe bildirmək imkanı verəcək.

 

 

Müəllif | Apa.Tv
Hikmət Zeynallı