Zukerberq etiraf etdi: "İstifadəçilərdən üzr istəyirəm"
Mark Zukerberq "Facebook" sosial şəbəkəsi istifadəçilərinə dair şəxsi məlumatların kütləvi şəkildə sızdırılmasına görə ABŞ Senatı qarşısında üzr istəyib.
APA TV-nin verdiyi xəbərə görə, ötən gün amerikalı konqresmenlər qarşısında gələcəkdə belə analoji hallara yol verilməməsinə dair dinləmələr aparılıb. M.Zukerberq səmimi şəkildə etiraf edərək, baş verən insidentə görə şirkət rəhbəri kimi özünü təqsirli bilib. O, eyni zamanda, "Facebook" platformasının yaxşılaşdırılması üçün əlavə vaxta ehtiyac duyulduğunu dilə gətirib.
Qeyd edək ki, "Facebook" sosial şəbəkəsinin adı mart ayında böyük bir qalmaqalda səsləndirilmişdi. Amerika KİV-in yaydığı məlumata görə, "Cambridge Analitica" şirkəti icazəsiz olaraq 50 milyona yaxın "Facebook" istifadəçisinin şəxsi məlumatlarını əldə edə bilmişdi. Nəticədə əldə olunmuş məlumatların 2016-cı il prezident seçkilərində siyasi məqsədlərlə istifadə edildiyi üzə çıxmışdı.