Suriyaya dair İsveç və Rusiyanın qətnamələri qəbul edilmədi, Rusiya da ABŞ-a veto qoydu

BMT Təhlükəsizlik Şurası Suriyaya dair İsveçin kompromisli qətnamə layihəsini qəbul etməyib.

APA TV-nin verdiyi xəbərə görə, Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatının  (KSQT) mütəxəssislərinin Suriyanın Duma şəhərinə göndərilməsinə dair qətnamə layihəsi lazımi sayda səs toplamadığından qəbul edilməyib. Sənəd Rusiya daxil olmaqla, 5 ölkə tərəfindən dəstəklənib, 4 ölkə əleyhinə səs verib, daha 6 ölkə isə bitərəf qalıb.

Qeyd edək ki, BMT TŞ bundan əvvəl Rusiyanın Suriyaya dair qətnaməsini qəbul etməyib. Rusiyanın təklif etdiyi qətnamə layihəsi Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatının (KSQT) mütəxəssislərinin kimyəvi silahdan istifadəyə dair iddiaları araşdırmaq üçün Suriyanın Duma şəhərinə yollanması planını dəstəkləyirdi.

Rusiya isə veto hüququndan istifadə edərək, ABŞ-ın Suriyada kimyəvi silahdan istifadə hallarının araşdırılması ilə məşğul olan BMT-Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatının (KSQT) ekspertlər qrupunun yeni missiya ilə əvəzlənməsinə dair qətnaməsini bloklayıb.

Xatırladaq ki, iddialara əsasən, aprelin 7-də Suriyanın Duma şəhərində kimyəvi silahdan istifadə edilib. Nəticədə 70-dək insanın öldüyü ehtimal olunur.

Müəllif | Apa.Tv
Apa.tv