Qətər əmiri Vaşinqtonda - TRAMP VƏ METTİSLƏ GÖRÜŞDÜ

Qətər əmiri Vaşinqtona səfər edib. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, sürpriz səfər çərçivəsində əmir ilk olaraq Pentaqon rəhbəri Ceyms Mettislə görüşüb.

Daha sonra Şeyx Hamad bin Halifə al-Tani ilə ABŞ prezidenti Donald Tramp arasında da görüş olub.

Görüşlərdə nələrin müzakirə edildiyi barədə məlumat yoxdur.

Xatırladaq ki, uzun müddətdir Qətərlə başda Səudiyyə Ərəbistanı olmaqla Misir, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında diplomatik gərginlik davam edir.

Bu ölkəyə qarşı ən sərt addımlar Ər-Riyad tərəfindən atılıb, hətta krallıqda Qətərlə quru sərhədlərində dərin xəndəklər qazılıb, bu ölkənin adaya çevrilməsi layihəsi hazırlanıb.

Adı çəkilən ölkələr və Donald Tramp rəsmi Dohanı İranla sıx münasibətlər qurmaqda və terrorizmi dəstəkləməkdə ittiham edib.

Buna baxmayaraq, ABŞ və Qətər arasında silah ticarəti barədə 12 milyard dollarlıq anlaşma var.

Qeyd edək ki, ABŞ-ın Qətərdə hərbi bazası və 12 min əsgəri mövcuddur.

 


 

Müəllif | Apa.Tv
Elvin Bayramlı