Bölgələrdə seçici fəallığı müşahidə olunur

Gəncədə prezident seçkilərində səsvermə prosesini 1747 müşahidəçi izləyir.

 

APA TV-nin qərb bürosunun məlumatına görə, Azərbaycanın ikinci böyük şəhərində 4 dairəsi üzrə 107 seçki məntəqəsi fəaliyyət göstərir.

 

Gəncədə 148 144 nəfərin adı seçici siyahısına salınıb. Bundan başqa, hərbi hissələrdə və 2 saylı istintaq təcridxanasında yaradılan 4 məntəqədə 3325 nəfər seçici qeydiyyatdadIr. Səsvermə hüququ olanlar arasında iki nəfər 100, bir nəfər isə 102 yaşlı seçicidir. 

 

Məntəqələrin 40-da veb-kameralar quraşdırılıb, 38 məntəqədə isə əlil arabaları ilə hərəkət edənlərin binaya daxil olmaları üçün xüsusi panduslar quraşdırılıb.

 

Şimal bölgəsində qeydiyyata alınan seçicilərin sayı 282 293 nəfərdir. Onlardan 4 719 nəfəri ilk dəfə səs verir. Seçki məntəqələrinin 62-də veb-kameralar quraşdırılıb.

 

Bu bölgənin ən yaşlı seçicisi Siyəzən rayonunun Böyük Həmyə kəndinə yaşayan 109 yaşlı Nəzimə Dəmilovadır.

 

Mingəçevir şəhərində, Göyçay, Ağdaş və Qəbələ rayonlarında 5 seçki dairəsinin 49 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Məntəqələrdə səsvermənin gedişini müxtəlif siyasi partiyalar və qeyri-hökumət təşkilatlarını təmsil edən yerli, habelə nüfuzlu beynəlxalq təşkilatlardan olan çoxlu sayda müşahidəçi izləyir.

 

Zaqatala və Balakən rayonlarında səsvermənin gedişini yerli müşahidəçilərlə yanaşı, MDB və ATƏT nümayəndələri də müşahidə edir. Bölgələrdə seçici fəallığı müşahidə olunur.

Müəllif | Apa.Tv
Azər Məmmədli