Milli Məclisin sədri Oqtay Əsədov səs verib
Milli Məclisin sədri Oqtay Əsədov prezident seçkilərində səsvermə prosesində iştirak edib.
APA TV-nin məlumatına görə, spiker 23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin 22 saylı seçki məntəqəsinə gələrək, səsvermə hüququndan yararlanıb.
Jurnalistlərə qısa açıqlama verən Milli Məclisin sədri Oqtay Əsədov Rusiya-Azərbaycan münasibətlərindən danışıb: "Əgər bütün ölkələrin bir-birinə münasibəti Azərbaycan-Rusiya münasibətləri kimi olarsa, dünyada heç bir problem qalmayacaq. Rusiya ilə əlaqələrimizdə heç bir problem yoxdur. Gələcəkdə də ikitərəfli münasibətlər inkişaf edəcək. Biz bunu öz fəaliyyətimizlə yaxınlaşdırırıq".
Xatırladaq ki, 23 saylı Nəsimi-Səbail Seçki Dairəsində seçicilərin ümumi sayı 35315-dir ki, onların da 1294 nəfəri 22 saylı məntəqənin payına düşür. Seçicilərin öz səsvermə hüququndan istifadə etməsi üçün məntəqədə zəruri şərait yaradılıb, habelə "exit-poll" təşkil olunub.
Qeyd edək ki, səsvermə prosesi saat 19:00-da başa çatacaq.