Beynəlxalq müşahidəçilər bölgələrdə də seçkiləri izləyir
Lənkəran yerləşən dörd Dairə Seçki Komissiyasında səhər saatlarından yüksək seçici fəallığı müşahidə olunur.
APA TV-nin cənub bürosunun xəbərinə görə, səsvermənin şəffaf və demokratik keçirilməsi üçün bütün məntəqələrdə lazımi şərait yaradılıb.
Hərəkət əngəlli seçicilərin səsvermədə iştirakını təmin etmək məqsədilə məntəqələrdə panduslar düzəldilib. Bir çox məntəqədə veb-kameralar quraşdırılıb. Seçki prosesini yerli və xarici müşahidəçilər izləyir.
Beyləqanda isə səsvermə prosesini MDB-dən olan müşahidəçilər müşahidə edir. Onlar 81 saylı Beyləqan Seçki Dairəsinin tərkibində olan məntəqələrdə müşahidə aparır. Müşahidəçi Marina Jenistova APA TV-yə açıqlamasında bildirib ki, seçkilər yüksək səviyyədə təşkil olunub: "Çox gözəl sakit keçir. Hamının üzündə sevinc var. Hamı sevinir".
Qax rayonunda isə 881 seçici ilk dəfə seçkilərdə iştirak edir. 112 saylı Qax DSK-nın əhatə etdiyi 58 seçki məntəqəsi üzrə 42 602 nəfər seçici qeydiyyata alınıb. Dairənin 8 məntəqəsində veb-kameralar quraşdırılıb. Əlillərin səs verməsi məqsədilə 7 seçki məntəqəsində pandus quraşdırılıb. Seçkilərin gedişatını 591 nəfər yerli müşahidəçi ilə birgə ATƏT və MDB-nin nümayəndələri də izləyir. Bütün seçki məntəqələrində seçici aktivliyi müşahidə olunur.