MSK: Sosial şəbəkələrdə uydurma məlumatlar yayılır
Mərkəzi Seçki Komissiyası (MSK) sosial şəbəkələrdə prezident seçkiləri ilə bağlı yayılan bəzi məlumat və videolara münasibət bildirib.
APA TV-nin xəbərinə görə, MSK-nın yaydığı açıqlamada bildirilir ki, səsvermə prosesi seçki subyektlərinin və seçicilərin azad davranışı şəraitində və ümumən qanunvericiliyin tələblərinə uyğun keçir, hər hansı qanun pozuntusunun olmasına dair Mərkəzi Seçki Komissiyasına heç bir rəsmi məlumat daxil olmayıb.
“Lakin sosial şəbəkələrdə seçkilərin demokratikliyinə və şəffaflığına kölgə salmaq istəyən bəzi maraqlı qüvvələr (Meydan TV və onun yaydığı məlumatları tirajlayan 2-3 maraqlı subyekt) tərəfindən həqiqətə uyğun olmayan və heç bir fakta söykənməyən uydurma məlumatlar yayılır. Belə saxta məlumatlara misal olaraq demək olar ki, guya 17 saylı Yasamal üçüncü seçki dairəsinin 5, 6 və 7 saylı seçki məntəqələrində seçki qutularının standartlara cavab verməməsi, komissiya üzvlərinin yuxarıdan tapşırıqla işlədiklərini etiraf etmələri, seçki qutusuna topa bülleten atılması kimi ciddi qanun pozuntularının baş verdiyi müşahidəçi Əli Zeynalova istinadən iddia edilir, halbuki həmin şəxs qeyd edilən dairənin ərazisində və məntəqələrdə, ümumiyyətlə, müşahidə aparmayıb. 52 saylı məktəb 15 saylı seçki dairəsinin ərazisində olduğu halda, həmin məktəbdə 17 saylı seçki dairəsinin 5, 6 və 7 saylı seçki məntəqələrinin yerləşməsi, 57 saylı Hacıqabul-Kürdəmir seçki dairəsi mövcud olmadığı halda həmin dairədə qanun pozuntularının baş verməsinin iddia edilməsi, anonim müşahidəçilər adından onlara maneələrin yaradılması da bu qəbildəndir" - deyə açıqlamada qeyd olunur.
MSK hesab edir ki, bu kimi saxta məlumat yayan internet resurslarının və sosial şəbəkə profillərinin əsas məqsədi ölkəmizdə keçirilən azad, demokratik və ədalətli seçkilərə kölgə salmaq, eyni zamanda beynəlxalq və yerli müşahidəçilərə yanlış məlumat vermək və onları yanıltmaq məqsədi daşıyır.