Ən yaşlı seçicilər səs verib
Azərbaycanda keçirilən prezident seçkilərində ölkəmizin ən yaşlı seçiciləri də səs verib.
Belə seçicilərdən biri Astara rayonunun Siyətük kənd sakini, 1912-ci il təvəllüdlü Tahirova Mələk Zülfüqar qızıdır.
Onun adı 77 saylı Astara Seçki Dairəsinin 29 saylı məntəqəsindəki seçici siyahısındadır. Uzun illər səsvermədə iştirak edən Mələk nənə səhhəti ilə əlaqədar məntəqəyə gedə bilmədiyi üçün bu dəfə evində səs vermək üçün müraciət edib. Bu səbəbdən səyyar seçki qutusu və seçki bülleteni onun yaşadığı ünvana gətirilib.
Səsvermə hüququndan istifadə edən 106 yaşlı Mələk Tahirova ölkəmizdə əmin-amanlıq, bolluq olmasından ötrü istədiyi namizədə səs verib: "Allah bu sakitliyi bizə bəxş eləyənlərdən razı olsun! Balalarımız, körpələr müharibə odu-alovu görməsinlər!"
Gəncənin isə ən yaşlı seçicilərindən bir nəfərin 102, iki nəfərin 100 yaşı var. Onlardan iki nəfəri səhhətləri ilə əlaqədar şəhərdə olmasalar da, 100 yaşlı Məsmə Əbdüləmin qızı Allahverdiyeva bu gün prezident seçkilərində səs verib. Qeydiyyatda olduğu 39 saylı Kəpəz I Seçki Dairəsinin 22 saylı məntəqəsindən Məsmə Allahverdiyevanın evinə daşınan qutu aparılıb.
Məsmə nənə deyir əvvəlki seçkilərdə həmişə məntəqələrə gedib səs verirdi. Bu il ayaqlarında problem olduğundan, səsini daşınan qutu vasitəsilə evində verməli olub. 1918-ci ildə Bakıda anadan olan Məsmə Allahverdiyev Göycə mahalına gəlin köçüb. 6 övlad anası 1988-ci ildən Gəncədə yaşayır.
Fərid Zaur oğlu Həsənov isə ilk dəfə bu gün səs verib. Universitetin II kurs tələbəsi olan Fəridin bu gün 18 yaşı tamam olur. O, qeydiyyata alındığı məntəqəyə gələrək səs verib.
Məntəqə sədri MSK sədri Məzahir Pənahovun təbrikini Fəridə çatdıraraq ona hədiyyə təqdim edib.