Beynəlxalq müşahidəçilər Azərbaycanda keçirilən prezident seçkilərinə rəy verdi
"Seçkilərin keçirildiyi 10 məntəqədə olduq. Heç bir qanun pozuntusu aşkar olunmayıb".
APA TV-nin məlumatına görə, bunu Latviya Seyminin deputatı Roamans Nudins Azərbaycanda prezident seçkilərindən sonra keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, diqqət yetirdiyi əsas məsələlərdən biri hərəkət imkanı məhdud olan insanlarla bağlı olub:
"Məntəqənin girişində vətəndaşlar üçün çox sadə sistem yaradılıb. Bu sistem mənim ölkəmdə yoxdur. Əvvəlki dövrlərlə müqayisədə Azərbaycandakı seçki prosesində kifayət qədər yaxşılaşma müşahidə olunur. Azərbaycanda bülletenlərin küncünün kəsilməsi mənim üçün bir yenilik olub. Bu çox yaxşı haldır".
Avstraliyalı deputatlar da seçkilərin demokratik keçdiyini bildiriblər:
"Biz buradan bir sıra dərslər çıxardıq ki, öz ölkəmizə aparaq və orada seçkiləri demokratik keçirmək üçün istifadə edək. Səsvermənin məxfiliyini təmin etmək üçün otaqlar pərdə ilə örtülür. Seçki qutuları yarımşəffaf plastmas materialdan hazırlanmışdı. Bu da çox yaxşıdır. Bizim ölkədə seçki qutuları şəffaf deyil, şəxsiyyət vəsiqəsi yoxdur, barmaqları mürəkkəbə batırmırlar".
İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının baş direktoru Lev Spivak isə qeyd edib ki, seçki təşkilatçılığı yüksək səviyyədə olub:
"Azərbaycanda keçirilmiş prezident seçkiləri başqa ölkələrə nümunədir. Seçkilərdə yüksək texnoloji vasitələrdən istifadə olunur. Bu cür texnologiyalar İsrailin seçki sistemində istifadə olunmur."
Seçkilərin sadə və şəffaf şəkildə keçirildiyini bildirən Ukrayna parlamentinin nümayəndəsi Maksim Kuryaçiy qeyd edib ki, səsvermə demokratik prinsiplərə uyğundur:
"Seçkilər zamanı hər hansı qanun pozuntuları, yaxud seçkiyə hər hansı kənar müdaxilənin şahidi olmamışıq. Seçkilər sadə və şəffaf keçirilib".