Azərbaycan nefti sürətlə bahalaşmağa başladı
Dünya birjalarında xam neftin qiymətləri sürətlə bahalaşır.
APA TV-nin məlumatına görə, "Brent" markalı neftin 1 barelinin qiyməti artaraq 72,24 dollar təşkil edib. Qərbi Texas nefti də dəyər qazanıb. WTI markası hazırda 67,09 dollardan satılır.
Azərbaycan brendinin qiymətində artım daha çoxdur. "AzeriLight" təxminən 2 dollar bahalaşaraq 75 dollara yaxınlaşır.
Sonuncu dəfə belə yüksəliş 2014-cü ildə müşahidə olunub. Qiymətlərin bu dərəcədə bahalaşmasına əsas səbəb ABŞ və Rusiya arasında yaranan müharibə təhlükəsi və Donald Trampın hədələridir.
ABŞ və müttəfiqlərinin Suriyaya hərbi müdaxilə müzakirələri isə davam edir.
Suriya əhəmiyyətli neft ölkəsi hesab edilməsə də, Yaxın Şərqin digər iri ixracatçı dövlətləri baş verənlərdən narahatdır.
Bundan başqa ABŞ-ın İranla nüvə razılaşmasından imtina etməsi və bu ölkəyə yeni - daha sərt sanksiyalar tətbiq edəcəyi ilə bağlı proqnozlar da bazarı təsir altında saxlayır.
Bu arada Amerika Neft İnstitutu ötən həftə ehtiyatların 1,8 milyon barel artaraq 429,1 milyon barelə çatdığını açıqlayıb. Həmçinin Energetika Nazirliyindən 2019-cu ildə ABŞ-da hasilatın "qaya nefti" hesabına proqnozlaşdırılandan da çox artacağı bildirilib.