Rusiyalı general: "ABŞ-la gərginliyin azalması üçün Türkiyə vasitəçilik edir"

"ABŞ-la Rusiya arasında yaşanan gərginliyin aradan qaldırılması üçün Türkiyə hərəkətə keçib".


APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bu açıqlama ilə Rusiya parlamentinin Müdafiə komitəsinin rəhbəri Vladimir Şamanov çıxış edib.


General Moskva ilə Vaşinqton arasında münasibətlərin yumşalması istiqamətində Ankaranın hərəkətə keçdiyini deyib.


Vladimir Şamanov artıq Pentaqonla Rusiya Müdafiə Nazirliyi arasında dialoqun başladığını və bunun Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının səyi nəticəsində mümkün olduğunu deyib. Şamanov NATO ilə də yaxın günlərdə təmas qurulacağını ifadə edib.


Rusiyalı deputatdan fərqli olaraq, ABŞ dövlət katibi vəzifəsinə real namizəd Mayk Pompeo adı çəkilən ölkə ilə yumşaq siyasət dövrünün artıq bitdiyini deyib: "Rusiya ABŞ-ın çoxillik yumşaq siyasəti sayəsində aqressiv davranmağa davam edir. İndi bu siyasət bitdi. Prezident Trampın milli təhlükəsizlik strategiyası çox haqlı olaraq Rusiyanı bizim ölkəmiz üçün təhlükə kimi müəyyənləşdirib. Vaşinqton Ukrayna və Gürcüstanda Rusiya ekspansiyasına qarşı mübarizə aparanları silahlandırır". 

Müəllif | Apa.Tv
Apa.tv