ŞƏT: Seçkilər demokratik keçirilib

Azərbaycan prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) baş katibi Rəşid Əlimovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

 

APA TV-nin məlumatına görə, Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi Rəşid Əlimov Azərbaycan xalqının güclü dəstəyi ilə seçkilərdə qazandığı inamlı qələbə münasibətilə dövlət başçısını səmimi qəlbdən təbrik edib və seçkiləri müşahidə etmək üçün dəvətə görə minnətdarlığını bildirib.

 

Rəhbərlik etdiyi müşahidə missiyasının tərkibinə təşkilatın bütün üzv dövlətlərinin nümayəndələrinin daxil olduğunu vurğulayan qonaq missiyanın bir həftə ərzində ölkəmizdə fəaliyyət göstərdiyini bildirib. O, müşahidə missiyasının sərbəst şəkildə ölkəmizin müxtəlif regionlarında ümumi seçki məntəqələrinin təqribən 7 faizində müşahidələr apardıqlarını, seçki məntəqələrində işlərin yüksək səviyyədə, Azərbaycan qanunvericiliyinə uyğun şəkildə təşkil edildiyinin şahidi olduqlarını deyib. Qonaq 400-ə yaxın məntəqədə müşahidə aparan missiya adından bildirib ki, ölkəmizdə prezident seçkiləri tam açıq, demokratik, şəffaf şəkildə keçirilib.

 

Xoş sözlərə görə təşəkkürünü bildirən dövlət başçısı Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə fəal əməkdaşlıq həyata keçirdiyini məmnunluqla vurğulayıb. Prezident İlham Əliyev bu qurumun müşahidə missiyasını ilk dəfə olaraq Azərbaycanda həyata keçirməsinin önəmini qeyd edib və bunu təşkilatın ölkəmizlə olan münasibətlərinin, eyni zamanda əlaqələrimizin yaxşı perspektivlərinin göstəricisi kimi dəyərləndirib. Dövlət başçısı Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələri gücləndirmək əzmində olduğunu və bu təşkilatın bir sıra layihələrində iştirak etməyə maraq göstərdiyini deyib. Prezident İlham Əliyev qeyd edib ki, bu qurumun üzv dövlətləri ilə uğurlu ikitərəfli münasibətlər ümumi əməkdaşlıq platformasının yaranması işinə xidmət edir və bu ölkələrlə əməkdaşlıq əlaqələri Azərbaycanın xarici siyasətinin prioritetlərindən birini təşkil edir.

 

Seçkilərin keçirilməsinə verilən yüksək qiymətə görə minnətdarlığını bildirən dövlət başçısı ölkəmizin bu seçkilərin maksimum dərəcədə şəffaf, demokratik və Azərbaycan xalqının iradəsinin tam ifadə olunması şəklində keçirilməsi üçün böyük hazırlıq işlərinin görüldüyünü deyib. Dövlət başçısı seçki kampaniyasının azad, konstruktiv şəkildə keçirildiyini vurğulayaraq, bunu Azərbaycan cəmiyyətində hökm sürən siyasi mədəniyyətin təzahürü kimi dəyərləndirib və qeyd edib ki, bütün kampaniya dövründə namizədlər üçün ən əlverişli şərait yaradılıb. Prezident İlham Əliyev seçkilərin nəticələrinin Azərbaycan xalqının son illər ölkədə həyata keçirilən işlərə verdiyi qiymətin ifadəsi olduğunu bildirib. Dövlət başçısı qeyd edib ki, bütün bunlar Azərbaycanın müstəqil dövləti kimi gələcəkdə daha da möhkəmlənməsi və inkişaf etməsi işinə öz töhfəsini verir.

Müəllif | Apa.Tv
Ayşən Əhməd