Evləri qəzalı vəziyyətə düşən sakinlər sığındıqları çadırdan da oldu - KÜLƏK APARDI
Şabranın Qazbabalı kəndində sürüşmə prosesi aktivləşib. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, 2017-ci ildə baş verən sürüşmə nəticəsində 4 ev qəzalı vəziyyət düşüb. Həmin ailələrə verilən çadırlardan birini ötən gün külək uçurub.
Şikayətçi Hüsniyə Əliyeva deyir ki, 2017-ci ilin fevral ayından bəri evi sürüşmə nəticəsində qəzalı vəziyyətə düşüb: "1 il 2 aydır mən 6 nəfərlik ailəmlə çadırda yaşayıram. Qazımız yox, işığımız yox, suyumuz yox, ayaqqabı çıxarmağa yerimiz yox, oturmağa yerimiz yox. Xahiş edirəm mənə köməklik olunsun".
Abdulla Əliyevin sözlərinə görə, ayın 11-i güclü isti külək əsib: "3 nəvəm və bir də gəlinim çadırda qalırdı. Durdum gördüm uşaqlar qışqırır, baxdım, çadırı külək aparıb. 1 il 2 aydır ki, bunlar çadırda yaşayır. Bir torpaq sahəsi də ayırmırlar ki, ev tikilsin. Mənim evim də uça bilər. Hələ ki bir köməklik yoxdur".
Qeyd edək ki, təbii fəlakət zamanı 10-a yaxın evdə çatlar yaranıb. Kənd sakinləri deyir ki, həmin evlər üçün də təhlükə qalmaqdadır.
Şabran rayon İcra Hakimiyyəti başçısının Əmirxanlı inzibati dairəsi üzrə nümayəndəsi Cəsarət Xəlilov vəziyyətin diqqət mərkəzində olduğunu, lakin evləri çökən sakinlər üçün yeni evlərin tikintisinin gündəmdə olmadığını deyib. O bildirib ki, külək nəticəsində çadırı yararsız vəziyyətə düşən ailə tezliklə yeni çadırla təmin olunacaq.