"Bolluq bazarı"nın yanında hündürmərtəbəli binada yanğın - HADİSƏ YERİNDƏN

Bakıda hündürmərtəbəli yaşayış binasında yanğın baş verib. APA TV-nin məlumatına görə, hadisə tikilməkdə olan binanın sonuncu mərtəbəsində qeydə alınıb.

Yanğın olan binada yaşayışın olmadığı bildirilir. Bina Bakının Binəqədi rayonu, 7-ci mikrorayon ərazisindəki “Bolluq bazarı”nın yaxınlığında yerləşir.

Hadisə yerinə təcili Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürən maşınları və canlı qüvvəsi, təcili tibbi yardım briqadaları cəlb olunub. Küləyin yaratdığı çətinliklərə baxmayaraq, yanğın söndürülüb.

Hadisə yerində yaradılan operativ qərargahdan verilən xəbərə görə, inşa edilən binanın ümumi sahəsi 800 kv/m olan yuxarı mərtəbəsində baş vermiş yanğın 600 kv/m sahəni əhatə edib. Yanğın nəticəsində tikintidə istifadə olunan taxta konstruksiyalar (opalubka) yanıb. Mərtəbənin qalan hissəsi yanğından mühafizə olunub.

Hadisə zamanı xəsarət və ya tüstüdən zəhərlənmə halı qeydə alınmayıb. Yanğının baş verməsinin səbəbləri araşdırılır.

Müəllif | Apa.Tv
Apa.tv