Nebenzya: "Suriyada müharibə ehtimalına göz yuma bilmərik"
Suriyada kimyəvi silah hücumunun ardından başlayan siyasi böhran Birləşmiş Millətlər Təşkilatının (BMT) fəaliyyətinə də təsir edib.
APA TV-nin verdiyi xəbərə görə, bir qədər əvvəl "müharibə ehtimalına göz yuma bilmərik" deyən Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya təcili yığıncaq çağıracaqlarını söyləyib.
Boliviyanın tələbi ilə toplanan BMT Təhlükəsizlik Şurasında mövzunun qapalı iclasda müzakirəsinin ardından açıqlama verən V.Nebenzya, dövlətləri Suriyaya qarşı hərbi əməliyyatdan çəkinməyə çağırıb.
Bəzi ölkələrin Suriyaya əməliyyat hazırlığında olmasının BMT qətnamələrinin pozulması mənasına gəldiyini deyən rusiyalı nümayəndə bunun ciddi narahatlıq yaratdığını vurğulayıb:
"Artan təhlükəli gərginlikdən çox narahatıq. Ümid edirik ki, geriyə addım atılması mümkün olmayan bir həddə çatmarıq, ABŞ və onun müttəfiqləri suveren bir dövlətə (Suriyaya) hərbi müdaxilədən çəkinər".
Dumadakı kimyəvi silah hücumunun araşdırılması üçün BMT-nin Baş katibi Antonio Quterreşin Suriyaya bir qrup göndərməsi ilə bağlı İsveçin irəli sürdüyü planın prioritet olmadığını deyən V.Nebenzya "ən vacib prioritetin müharibə təhlükəsinin aradan qaldırılması" olduğunu bildirib.