Dörd ərəb ölkəsi Qətərlə barşımağa tələsmir - ABŞ İSƏ TƏZYİQ EDİR
İran və Türkiyə ilə yaxın əlaqələrinə görə Qətərə qarşı sanksiya tətbiq edən 4 ərəb ölkəsi, ABŞ-dan gələn təzyiqə baxmayaraq, geri addım atmaq fikrində deyil.
APA TV-nin məlumatına görə, bu barədə Misirin MENA agentliyi xəbər yayıb.
Bildirilir ki, ABŞ Səudiyyə Ərəbistanı başda olmaqla, körfəz ölkələrindən Qətərlə düşmənçiliyə son qoymağı və bununla da İrana qarşı vahid cəbhənin formalaşmasını istəyib. Məlumata görə, Qətər və ərəb ölkələri arasında düşmənçilik ABŞ-ın Fars körfəzindəki gücünü zəiflədib. Buna görə, Vaşinqton ərəb ölkələrinin tez bir zamanda barışması və İrana qarşı birgə cəbhədə yer almasının tərəfdarıdır.
Buna baxmayaraq, bugünlərdə Ərəb ölkələrinin Zirvə toplantısı üçün bir araya gəlməyi planlaşdıran dörd ölkənin xarici işlər nazirləri sanksiyaların ləğvi üçün lazımı şərtlərin formalaşmadığı fikri ilə çıxış edib.
Qeyd edək ki, təxminən bir il əvvəl Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri 13 maddəlik bir tələb siyahısı ilə Qətərə qarşı sanksiya tətbiq edib. Məlumata görə, həmin siyahıda Türkiyə hərbi bazasının bağlanılması, "Əl-Cəzirə" nəşrinin dayandırması, İranla əlaqələrin zəiflədilməsi və Yəməndəki üsyançı Husilərə dəstəyə son verilməsi qeyd olunurdu.