Neft son 8 ayda ən yüksək qiymətlərə satılır

Birjalarda xam neftin qiyməti Yaxın Şərqdəki müharibə ehtimalı və OPEC-in istehsalın daha da azaldığını açıqlaması səbəbindən son səkkiz ayın ən yüksək qiymətlərinə satılır.

 

APA TV-nin məlumatına görə, ABŞ prezidenti Donald Trampın Suriyada hərbi əməliyyat keçiriləcəyi barədə açıqlamaları, Britaniya baş naziri Tereza Meyin Suriyada kimyəvi silahdan istifadəyə cavab verilməsinin vacib olmasını bildirməsi gərginliyi daha da yüksəldir. OPEC isə istehsalın ötən ay son bir ilin ən aşağı səviyyəsinə endiyini açıqlayıb.

 

Dünyanın digər neft bölgələrində baş verən hadisələr də qiymətlərə müsbət təsir edir. Səudiyyə Ərəbistanı ilə Yəməndəki İran dəstəkli husilər arasında gərginliyin davam etməsi, ABŞ-ın İrana qarşı yeni sanksiyalar tətbiq edəcəyi proqnozları da bahalaşma üçün münbit şərait yaradır.

 

Bundan əlavə, qiymətlərin yüksəlməsi ABŞ-da istehsalın artmasına səbəb olacaq. Yaxın Şərqdə böhran aradan qalxsa və ABŞ-da qaya neftinin hasilatında artım sürətlənsə bir neçə həftədən sonra qiymətlərdə ciddi ucuzlaşma baş verə bilər.

 

Hazırda "Brent" markalı neftin bir bareli 71,97, Qərbi Texas nefti isə 67 dollardan satılır.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı