Azərbaycan prezidenti Gürcüstan və Xorvatiyanın baş nazirlərini qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev dekabrın 16-da Gürcüstanın baş naziri İrakli Qaribaşvilini qəbul edib. Görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin uğurlu inkişafından məmnunluq ifadə olunub, Azərbaycan ilə Gürcüstanın birgə həyata keçirdiyi qlobal iqtisadi layihələrin önəmi qeyd edilib, dekabrın 17-də “Şahdəniz -2” üzrə yekun investisiya qərarının imzalanmasına həsr olunan tədbirin əlaqələrimizin daha da genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb. Söhbət zamanı Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin uğurla icra olunduğu bildirilib, enerji sahəsində əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə ölkələrimiz arasında dostluq münasibətlərinin bundan sonra daha da möhkəmləndiriləcəyinə əminlik ifadə olunub.
Prezident İlham Əliyev Xorvatiyanın baş naziri Zoran Milanoviçin başçılıq etdiyi nümayəndə heyətini də qəbul edib. Zoran Milanoviç ölkəmizdə gedən böyük inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını deyib. Görüşdə Azərbaycan ilə Xorvatiya arasında əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirilib. Xorvatiya şirkətlərinin ölkəmizdəki fəaliyyətinin əlaqələrimizin inkişaf etdirilməsi baxımından əhəmiyyəti qeyd olunub. Görüşdə Azərbaycan ilə Xorvatiya arasında əməkdaşlığın bir sıra sahələrdə inkişaf etdirilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.