ABŞ Suriyanı bombalamağa başladı - İLK ZƏRBƏLƏR ENDİRİLDİ
ABŞ Fransa və Böyük Britaniya ilə birgə Suriyaya qarşı hərbi əməliyyata başlayıb.
APA TV-nin TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ prezidenti Donald Tramp Ağ Evdə çıxış edərək bəyan edib. Onun sözlərinə görə, hava zərbələri Suriya hökumətinə məxsus kimyəvi silah istehsalı obyektlərinə endirilir.
“Hazırda Bəşər Əsədin potensial kimyəvi silahları ilə əlaqəli obyektlərə yüksək dəqiqliklə zərbələr endirilir. Hərbi əməliyyat Böyük Britaniya və Fransa Silahlı Qüvvələri ilə birgə həyata keçirilir”, - deyə D.Tramp qeyd edib.
ABŞ prezidenti həmçinin bildirib ki, ABŞ Rusiya və İranla münasibətlərin normallaşdırılmasına ümid edir. “Lakin bu, baş tutmaya da bilər”, - D.Tramp əlavə edib.
Bununla belə, ABŞ prezidenti ölkəsinin Suriyada uzunmüddətli hərbi iştirakını istisna edib: “Hər hansı vəziyyətdən asılı olmayaraq hərbçilərimizin Suriyada qalmasına çalışmırıq”.
Qeyd edək ki, ABŞ, Böyük Britaniya və Fransa Silahlı Qüvvələri Suriyada iki obyektə zərbələr endirib. Bunu ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Cozef Danford bəyan edib.
Onun sözlərinə görə, hədəfdə bilavasitə Suriya hökumətinin kimya proqramları ilə bağlı obyektlər olub:
“Birinci hədəf Dəməşq yaxınlığındakı elmi-tədqiqat mərkəzi, ikinci isə Hüms yaxınlığında yerləşən kimyəvi maddələrin saxlanılması obyekti olub. Dəməşq ətrafındakı obyekt kimya və bioloji texnologiyaların inkişafı, tədqiqi və istehsalı üzrə mərkəzdir. Hədəflərin seçilməsində mülki əhaliyə riskin minimuma endirilməsi nəzərə alınıb”, - C.Danford belə deyib.
O həmçinin bu günlük hava zərbələrinin bitdiyini açıqlayıb.