Lənkəranda qadın ərinin sevgilisi tərəfindən öldürüldü - ODUN PARÇASI İLƏ
Lənkəranda iki uşaq anası həyat yoldaşının qeyri-rəsmi münasibətdə olduğu qadın tərəfindən qətlə yetirilib.
APA TV-nin cənub bürosunun verdiyi xəbərə görə, hadisə şəhərin Anar Mahmudov küçəsi 128 ünvanında qeydə alınıb.
Həmin ünvanda yaşayan 42 yaşlı Sevda Həsənova ilə ərinin qeyri-rəsmi nikahda yaşadığı Lerik rayon sakini Gülşən Salayeva arasında münaqişə olub. Nəticədə G.Salayeva odun parçası ilə S.Həsənovaya bir neçə zərbə endirib. Bədəninin müxtəlif nahiyələrindən çoxsaylı zərbələr alan qadın dünyasını dəyişib.
Məlumata görə, S.Həsənovanın həyat yoldaşı, 45 yaşlı Arif Həsənov rəsmən evli olduğu halda həmin evə qeyri-rəsmi nikahda yaşadığı G.Salayevanı da gətirib. Bir evdə yaşayan hər iki qadın arasında bu vaxta qədər də bir neçə dəfə münaqişə olub. Ölümlə nəticələnən sonuncu mübahisənin isə əmlak üstündə baş verdiyi deyilir.
S.Həsənovanın meyiti müayinə olunması üçün məhkəmə tibb ekspertizasına təqdim edilib. Hadisəni törətməkdə şübhəli bilinən G.Salayeva artıq polis tərəfindən saxlanılıb. S.Həsənova və G.Salayevanın hər birinin iki övladı var.
Lənkəran rayon Prokurorluğunda faktla bağlı istintaq araşdırmaları aparılır.