Konstitusiya Məhkəməsi prezident seçkilərinin nəticələrini təsdiqlədi

Konstitusiya Məhkəməsinin Plenumu 11 aprel 2018-ci ildə keçirilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərinin nəticələrini təsdiq edib.

 

APA TV-nin məlumatına görə, Konstitusiya Məhkəməsi sədrinin müavini, məruzəçi hakim Sona Salmanova Mərkəzi Seçki Komissiyasının (MSK) aprelin 11-də keçirilmiş prezident seçkiləri ilə əlaqədar səsvermənin ümumi yekunlarına dair protokola Konstitusiya icraatı qaydasında baxıldığını bildirib.

 

Hakim Rəfael Qvaladze prezident seçkiləri ilə prokurorluq və polis orqanlarına şikayət daxil olmadığını nəzərə çatdırıb.

 

MSK sədri Məzahir Pənahov seçki prosesinin gedişi ilə bağlı ətraflı məlumat verdikdən sonra Konstitusiya Məhkəməsinin hakimlərinin suallarını cavablandırıb.

 

Ekspert qismində çıxış edən Bakı Dövlət Universitetinin hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının baş müəllimi Elşad Nəsirov prezident seçkilərinin Konstitusiyaya uyğun olaraq azad, ədalətli, demokratik keçirildiyini deyib, seçki prosesinə müsbət rəy verib.

 

Dövlət Statistika Komitəsinin əməkdaşlarından ibarət mütəxəssislər qrupunun tərtib etdiyi arayışla Ulduzə Həmidova çıxış edib. Onlar hakimlərin suallarını da cavablandırıblar.

 

Daha sonra hakimlər müşavirəyə gedib. Müşavirədən sonra Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Konstitusiya Məhkəməsi Plenumunun qərarını elan edib. Qərara əsasən, Konstitusiya Məhkəməsi prezident seçkilərinin nəticələrini təsdiqləyib.

 

Konstitusiya Məhkəməsinin qərarı ilə MSK-nın yekun protokoluna əsasən, İlham Əliyevin 86,02 faiz səslə prezident seçkilərində qalib gəldiyi elan olunub.

 

Sonda Azərbaycan Respublikasının Dövlət Himni səslənib.

Müəllif | Apa.Tv
Elvin Bayramlı