Erməni polisi etirazçılara qaz bombası atdı - İRƏVANDA OTURAQ AKSİYA BAŞLADI
İrəvanda müxalifətin etiraz aksiyası davam edir.
APA TV-nin erməni mətbuatına istinadən məlumatına görə, etirazçılar Hökumət evinin qarşısındakı meydana toplaşaraq, oturaq aksiyaya başlayıb.
Onlar yolun hərəkət hissəsini bağlayaraq, avtomobillərin keçidinə əngəl yaradır. Hökumət binasının özü isə hazırda polis mühasirəsindədir.
Bu arada İrəvan polisi indiyədək saxlanılan etirazçıların sayını açıqlayıb. Ümumilikdə 80 nəfərədək etirazçı saxlanılıb.
Baqramyan prospektində isə etirazçılarla polis arasında toqquşma olub. Nikol Paşinyan tikanlı məftillərdən keçmək istəyərkən, polis qaz bombasından istifadə edib. Nəticədə Nikol Paşinyan da daxil olmaqla, 46 nümayişçi və iki jurnalist xəsarət alıb.
Qeyd edək ki, müxalifət lideri, deputat Nikol Paşinyanın başçılıq etdiyi "Vətəndaş anlaşması" hərəkatı bir neçə gündür İrəvanda etiraz aksiyasına başlayıb.