Səudiyyə Ərəbistanı: Əsədə qarşı ordu göndərməyə hazırıq!

"Suriyaya ordu göndərməyə hazırıq". APA TV-nin Türkiyə mətbuatına istinadən məlumata görə, bu açıqlama ilə Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl Cübeyr çıxış edib.

Nazir Əsədə qarşı koalisiyanın genişləndiriləcəyi təqdirdə, bu ölkədə hərbi əməliyyatlara qoşulacaqlarını deyib: "Hazırda ABŞ-la Suriya ilə bağlı müzakirələr aparırıq. Biz hərbi dəstək verəcəyimizi dəfələrlə söyləmişik. Hətta zamanında bunu Barak Obamaya da bildirmişdik".

Ər-Riyaddan verilən bu açıqlama Pentaqonda rəğbətlə qarşılanıb. "Bölgədəki müttəfiqlərimizin bu məsələdə daha yaxından iştirak etməsini istəyirik, bu, prezident Donald Trampı da məmnun edir" - deyə, qurumdan bildirilib.


Pentaqon sözçüsü Erik Pahon əlavə edib ki, Donald Tramp ərəb ölkələrindən toplanan qüvvələrin Suriyanı İŞİD-in, ümumiyyətlə, terrorun bir daha qayıda bilməyəcəyi ölkəyə çevirəcəyindən əmindir.

Xatırladaq ki, "The Wall Street Journal" da Ağ Ev rəhbərinin Suriyada Ərəb Qüvvələri Birliyi yaratmaq planı barədə xəbər tirajlayıb. Hətta məsələ ilə bağlı Trampın milli təhlükəsizlik üzrə yeni müşaviri Con Boltonun artıq Misirin Milli Təhlükəsizlik Təşkilatının rəhbəri Abbas Kamillə görüşdüyü bildirilib. Ərəb Qüvvələri Birliyinin yaradılması və Suriyaya göndərilməsi üçün maliyyə dəstəyi ilə əlaqədar Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə müraciət edilib.

 

Müəllif | Apa.Tv
Hikmət Zeynallı