Lənkəran-Lerik yolu yararsız hala düşüb
Ötən əsrin 50-ci illərindən istifadəyə verilən Lənkəran-Lerik yolu bir neçə ildir ki, keçilməz hala düşüb. Yolun bərbad vəziyyətdə olması turistlər üçün də çətinlik yaradır.
APA TV-nin cənub bürosunun xəbərinə görə, Lənkəran-Lerik yolunun yararsız hala düşməsinə ağırtonnajlı avtomobillər səbəb olub.
Lənkəranın hava limanının ərazisindən başlayan yol Lerik-Lənkəran yolunun 20-ci kilometrliyinə qədər keçilməz hala düşüb. Yolda dəfələrlə təmir işləri aparılsa da, problem olduğu kimi qalmaqdadır. Gün ərzində bu yoldan istifadə edən sürücülərin sözlərinə görə, yararsız yol onların buranı daha çox vaxtda qət etmələri ilə nəticələnir. Asfalt örtüyünün dağılması vaxt itkisi ilə yanaşı, avtomobillərin də sıradan çıxmasına səbəb olur.
Yoldakı çətin vəziyyət əvvəllər təkcə sürücülər üçün çətinlik yaradırdısa, artıq digər sahələrdə də problemlərə səbəb olur. Bərbad yol səbəbindən turistlər də Lerik rayonundakı istirahət mərkəzlərinə gəlmək istəmir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, yaxın vaxtlarda yolda yenidənqurma işlərinə start veriləcək. Artıq bununla bağlı hazırlıq işləri başlanılıb. Yolun ilin sonuna kimi əsaslı təmir olunaraq sakinlərin istifadəsinə verilməsi planlaşdırılır.