Arvadı ilə birləşib valideynlərini öldürən şəxsin cəzası dəyişdirildi - QADINA 20 İL HƏBS QƏRARI
Şirvan Apellyasiya Məhkəməsində Masallı rayonunda həyat yoldaşı ilə birlikdə valideynlərini qətlə yetirən şəxslə bağlı məhkəmə hökmündən verilən apellyasiya protesti və apellyasiya şikayətinə baxılıb.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, apellyasiya protesti qismən təmin edilib.
Ağayev Azər Etibar oğlunun cəzası dəyişdirilərək ömürlük həbs cəzası ilə əvəz edilib. Onun həyat yoldaşı Ağayeva Bəstəgül Lətif qızı barəsində birinci instansiya məhkəməsinin çıxardığı qərar isə qüvvədə saxlanılıb.
Qeyd edək ki, dəhşətli qətl hadisəsi 2017-ci ilin iyunun 5-də Masallının Miyenkü kəndində baş verib. Həmin kəndin sakinləri, 1989-cu il təvəllüdlü Azər Ağayev həyat yoldaşı, 1979-cu il təvəllüdlü Bəstəgül Ağayeva ilə birgə ailə-məişət münaqişəsi zəminində valideynləri - 1962-ci il təvəllüdlü Ağayev Etibar Qiyas oğlunu və 1962-ci il təvəllüdlü Ağayeva Rəfiqə Qurban qızını balta ilə amansızlıqla qətlə yetiriblər. Daha sonra meyitləri həyətlərindəki tövlədə basdıraraq üzərini betonla örtüblər. Azər Ağayev valideynləri ilə maraqlananlara onların Rusiyaya yollandığını deyib. İyunun 9-da hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində cinayətin üstü açılıb.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ağayev Azər Etibar oğlu və onun həyat yoldaşı Ağayeva Bəstəgül Etibar qızı 20 il azadlıqdan məhrum edilib. Onların üç azyaşlı övladı var.