Neftçalada sərxoş şəxslərin davasında qan töküldü - 3 NƏFƏR BIÇAQLANDI

Neftçalada baş verən kütləvi davada 3 nəfər bıçaqlanıb.

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə gecə saat 1 radələrində Xolqaraqaşlı kəndindəki kafenin qarşısında baş verib.

Sərxoş vəziyyətdə olan bir neçə nəfərin mübahisəsi zamanı qan tökülüb. Rayonun Xolqarabucaq kənd sakini, 1978-ci il təvəllüdlü Quliyev Vüsal Əzizağa oğlu, Qırmızıkənd sakini, 1985-ci il təvəllüdlü  Əsgərov Valid Həsənqulu oğlu və Salyan rayonunun Şorsulu kənd sakini, 1994-cü il təvəllüdlü Mirzəyev Baba İsmayıl oğlu çoxsaylı bıçaq xəsarəti alıblar.

Onlar Salyan Mərkəzi Rayon Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib.

Sonuncu xəstəxanada ilkin tibbi yardımdan sonra ifadəsi alınmaq üçün polis şöbəsinə aparılıb.

Faktla bağlı Neftçala rayon Polis Şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv