Rusiyada axtarışda olan şəxs Astarada narkotiklə tutuldu

Rusiyada axtarışda olan şəxs Astarada külli miqdarda narkotiklə tutulub.

 

APA TV-nin cənub bürosunun xəbərinə görə, Astara Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi uğurlu əməliyyat tədbirləri nəticəsində 3 kiloqramdan artıq narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

 

Əməliyyat-axtarış tədbirləri nəticəsində Şahağacı kəndində yaşayan Bəhruz Cəfərovun üzərindən 1 bükümdə 4,3 qram çəkidə tiryək və 5 bükümdə ümumi çəkisi 0,7 qram heroin aşkarlanaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq Bəhruz Cəfərovun Astara rayonunun Şahağacı kəndindəki yaşadığı evdən 3 kiloqram 90 qram çəkidə tiryək aşkarlanıb.

 

Faktla bağlı cinayət işi başlanılıb, istintaq davam etdirilir. Araşdırmalar zamanı Bəhruz Cəfərovun Rusiya Federasiyası Cinayət Məcəlləsinin 228-ci (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə axtarışda olması da müəyyən edilib.

Müəllif | Apa.Tv
Elnur Ələkbərov