Ermənilər Ağcabədidə kəndi atəşə tutdu - YARALI VAR

Azərbaycan ərazilərini işğal altında saxlayan erməni silahlı bölmələri bu gün Ağcabədi rayonunun Qiyaməddinli kəndini atəşə tutması nəticəsində bir nəfər mülkü şəxs yaralanıb.

 

APA TV-nin Qarabağ bürosunun məlumatına görə, ermənilər Yuxarı Qiyaməddinli kənd sakini, 1991-ci il təvəllüdlü Hacıyev Rahim Azər oğlunu əkin sahəsində olarkən yaralayıb.

 

Ermənilərin yaraladığı 27 yaşlı Rahim Hacıyevi xəstəxanaya əmisi Natiq Hacıyev çatdırıb: "Bacım oğlu xəbər verdi ki, Rahimi ermənilər vurub. Getdim maşına qoydum, gətirdim xəstəxanaya. Həkimlər çox sağ olsun, əməliyyat edib onun həyatını qurtardılar".

 

Rahim xəstəxanaya çatdırılanda həddindən artıq çox qan itirdiyindən, şok vəziyyətdə olub. Cərrahiyyə şöbəsinin müdiri Vaqif Bağırov bildirib ki, müayinə zamanı çoxlu miqdarda qanın daxildə toplandığı və gilizin Rahimin bədənində qaldığı aşkarlanıb: "Təcilli müayinəyə aparıldı, döş boşluğunda çoxlu miqdarda qanın olması, ağ ciyərin zədələnməsi aşkar edildi. Rentgen müayinəsi zamanı güllə yarasının 12-ci döş fəqərəsi ilə 1-ci fəqərə arasında diskə yaxın  olduğu müəyyən edildi. Təcili qaydada əməliyyata götürüldü. Döş boşluğunda olan 300 ml qram qan götürüldü və sağ ağ ciyərin deşilmiş yeri tikilərək bərpa edildi. Xəstənin döş boşluğu drenaj edil. Hal-hazırda xəstə süni tənəffüs aparatından ayrılıb, reanimasiya palatasında yatır, vəziyyəti ağırdır".

 

Həkimlər Rahimin həyatını xilas edə bilsələr də, gilizin yerləşdiyi yerdə əməliyyat aparılması həyati təhlükə daşıdığı üçün onu xaric edə bilməyiblər.

 

 

Müəllif | Apa.Tv
Hikmət Zeynallı