Ağcabədidə çağırışçı gənclər həqiqi hərbi xidmətə yola salındı

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsində çağırışçı gəncləri həqiqi hərbi xidmətə yolasalma mərasimi keçirilib.

 

APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, çağırış prosesi əsasən 2000-ci ildə doğulmuş və çağırış gününədək 18 yaşı tamam olan gənclərə aid edilib.

 

Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, keçmiş döyüşçülər və hərbi xidmətə yola salınan gənclərin ailələri iştirak edib.

 

Çıxış edən natiqlər bildirib ki, Ağcabədi rayonunun ərazisinin 50 kilometri cəbhə xəttində səngərlə əhatə olunub. Bu səngərləri ləğv edib düşmən əsgərlərini torpaqlarımızdan qovmaq Silahlı Qüvvələrin üzərinə düşür. Bu missiyanı şərəflə yerinə yetirmək üçün çağırışçı gənclər əllərindən gələni əsirgəməməlidir.

 

Oğlunu əsgər yola salan ailələr iki hissi eyni anda yaşayırdılar. Bir yandan övladının böyüdüyünü görməyin sevinci, digər tərəfdən isə ondan bir müddət  ayrı qalmağın həsrəti anaları göz yaşlarına səbəb olmuşdu.

 

Sevinc Atakişiyeva yeganə övladını həqiqi hərbi xidmətə yola salırdı: "Sağ-salamat getsin, qayıtsın. Yeganə övladımdır, Allah üstündə yar olsun!"

 

Vətənin keşiyində əzmlə dayanmaq kimi şərəfli borcunu yerinə yetirmək üçün əsgəri xidmətə yollanan gənclər üçrəngli bayrağı öpərək vətənin keşiyində ləyaqətlə duracaqlarına and içiblər. Tədbir bədii hissə ilə davam edib.

Müəllif | Apa.Tv
Hikmət Zeynallı