FHN Akademiyasında Xalq Cümhuriyyətinə dair elmi-praktik konfrans keçirilib
Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan Respublikası - Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” mövzusunda elmi-praktik konfrans keçirilib.
APA TV-nin xəbərinə görə, Fövqəladə Hallar Nazirliyinin və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə baş tutan tədbirdə fövqəladə hallar nazirinin müavinləri - tibb xidməti general-leytenantı Faiq Tağı-zadə və general-leytenant Etibar Mirzəyev, AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı akademik İsa Həbibbəyli, institut rəhbərləri, alimlər iştirak ediblər.
Əvvəlcə konfrans iştirakçıları Akademiyanın həyətində ümummilli lider Heydər Əliyevin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoyub, sonra FHN Akademiyasında fəaliyyət göstərən Heydər Əliyev Mərkəzi və muzeylə tanış olublar.
Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə işə başlayan konfransı açıq elan edən fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev bildirib ki, 1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk demokratik respublika olmaqla tariximizin şanlı səhifələrindəndir.
AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli ulu öndər Heydər Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin ənənələrinə daim sadiq qaldığını, bu ənənələrin Prezident İlham Əliyev tərəfindən layiqli şəkildə davam etdirildiyini vurğulayıb.
Konfransda “Azərbaycan Xalq Cümhuriyyəti dövlətçilik tariximizin parlaq səhifəsidir” mövzusunda məruzə ilə çıxış edən AMEA A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov ilk demokratik respublikamızın yaradılmasından süqutuna qədər olan tarixi mərhələlər, cümhuriyyət qurucularının fəaliyyəti barədə ətraflı məlumat verib.
Daha sonra AMEA-nın Elm Tarixi İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Məryəm Seyidbəyli, Dilçilik İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor Sayalı Sadıqova, N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor Asif Rüstəmli, Milli Azərbaycan Tarixi Muzeyinin şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Səbuhi Əhmədov, FHN Akademiyasının rəisi general-mayor, texnika üzrə fəlsəfə doktoru, dosent Pənah Süleymanov müxtəlif mövzularda məruzələrlə çıxış ediblər.