Azərbaycan Ordusu "MÜBARİZ"LƏ SİLAHLACAQ
Yaxın günlərdə Azərbaycan ordusuna yeni snayper tüfəngi daxil ediləcək. Müdafiə Sənayesi Nazirliyi (MSN) mütəxəssisləri tərəfindən yaradılmış "Mübariz" snayper tüfəngi silahlanmaya alınmaq üçün hazırdır. APA TV-nin xəbərinə görə, müdafiə sənayesi naziri Yavər Camalov deyib ki, “Mübariz” 12, 7 millimetr çaplı snayper tüfəngində son tamamamlanma işləri gedir. İlin sonuna kimi silahlanmaya qəbul ediləcək.
Sözügedən silah "İstiqlal" antimaterial snayper tüfəngi ailəsindəndir. Tüfəng uzaq məsafədə düşmənin canlı qüvvəsini, hərbi texnikasını, möhkəmləndirilmiş mövqelərini məhv etmək üçün hazırlanıb. Silaha Milli Qəhrəman Mübariz İbrahimovun adı verilib. Snayper tüfəngi yerli müəssisədə hazırlanmış daha müasir optik nişangahla təchiz olunub. "Mübariz" -50, +50 dərəcə tempraturda effektiv istifadə oluna bilir. Silahın təyinatına düşmənin yüngül və zirehli personal daşıyıcılarını, döyüş maşınlarını, yerdə park edilmiş aviasiya vasitələrini, bağlı mövqelərini məhv etmək daxildir. Çəkisi boş halda 16 kq təşkil edən yarımavtomatik snayper tüfənginin darağının tutumu 7 patron, atış məsafəsi 2 min metrdir.
2014-cü ildə Bakıda keçiriləcək beynəlxalq hərbi sərgidən söz açan nazir bildirib ki, təşkilatı işlər davam etdirilir: "Bu günə olan məlumata görə, artıq 21 ölkədən 100-dən artıq həmin sərgidə iştirakını təsdiqləyib".
Nazir bildirib ki, Azərbaycan silahları Türkiyə İordaniya və digər ölkələrə ixrac olunur. İxrac faizinin keçən iillə eyni səviyyədə olduğunu deyən nazir bildirib ki, Azərbaycan 3 növ məhsulun tenderinin qalibi olduqdan sonra ixracın artacağına zəmin yaradır.