38 yaşlı qadın özünə 16 bıçaq zərbəsi vurub: "Nevroz xəstəsiyəm"
Masallıda 38 yaşlı qadın öz bədəninə ümumilikdə 16 bıçaq zərbəsi vurub. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə rayonun Təzə Alvadı kəndində qeydə alınıb.
Həmin kənd sakini, 38 yaşlı Muxtarova Elnarə Ərəstun qızı bədəninin çoxsaylı kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun üzərində dərhal cərrahi əməliyyat aparılıb.
Məlumata görə, E.Muxtarova ruhi-əsəb xəstəliyindən əziyyət çəkir. O, bir müddətdir ki, xəstəliyi ilə əlaqədar dərman qəbul edirmiş. Lakin sonradan həmin dərmanları qəbul etməkdən imtina edib. Hadisəni də əsəbi gərginlik halında törətdiyini bildirib:
"Nevroz xəstəsiyəm. Uşaq vaxtı qorxmuşam, hec kim bilməyib".
Faktın araşdırılması ilə rayon polisi məşğuldur.