Tramp yaxın zamanda Şimali Koreya lideri ilə görüşəcəyini təsdiqlədi
ABŞ prezidenti Donald Tramp yaxın gələcəkdə Şimali Koreya lideri Kim Çen Inla görüşəcəyini təsdiqləyib.
APA TV-nin TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu dövlət başçısı ABŞ-da səfərdə olan Yaponiyanın baş naziri Sindzo Abe ilə birgə keçirdiyi mətbuat konfransında bəyan edib.
“Bildiyiniz kimi, yaxın həftələrdə Kim Çen Inla görüşüm olacaq. Bu görüşün bütün dünya üçün uğurlu olması üçün əlimdən gələni edəcəm”, - deyə D.Tramp vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl D.Tramp Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru, dövlət katibi vəzifəsinə namizəd Mayk Pompeonun ötən həftə Şimali Koreya prezidenti Kim Çen Inla görüşdüyünü bəyan edib.