Neft son 4 ilin rekordunu yenilədi - QİYMƏTLƏR SÜRƏTLƏ QALXIR
Birjalarda xam neftin qiyməti sutka ərzində iki dollara qədər bahalaşıb.
APA TV-nin məlumatına görə, ABŞ-da ehtiyatların azalması, OPEC-in istehsalı azaltmaq siyasəti neftin dəyər qazanmasına səbəb olub. Hazırda "Brent" markalı neft 73,94 dollardan satılır. Qərbi Texas nefti isə 68,86 dollara qədər bahalaşıb.
ABŞ-ın Enerji İnformasiya İdarəsinin hesabatına görə, xam neft və benzin ehtiyatları daxil olmaqla strateji ehtiyatlar ötən həftə 10,58 milyon barel azalmaqla 2015-ci ildən bəri ən aşağı səviyyəyə enib. Ölkədə havaların istiləşməsi ilə avtomobil sayının artmasına benzinə tələbatı artırıb.
Aprelin 20-də OPEC və qeyri-kartel ölkələrinin nümayəndələri Səudiyyə Ərəbistanda görüşəcək. Rusiyanın da qatılacağı görüşdə istehsalı azaltmaqla bağlı müqavilənin vaxtının növbəti ilə uzadılması imkanları müzakirə olunacaq. Görüşlərdə uzun müddətli ittifaqın yaradılması da gözlənilir.