Bakıda Beynəlxalq Universitet Prezidentləri Assosiasiyasının konfransı keçirilir
"Gürcüstan və Azərbaycan ali məktəblərinin assosiasiyası yaradılacaq". APA TV-nin xəbərinə görə, bunu Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru Mustafa Babanlı deyib.
O bildirib ki, bu gün Bakıda başlayan Beynəlxalq Universitet Prezidentləri Assosiasiyasının (BUPA) konfransı iki gün davam edəcək: "Bu platforma 1965-ci ildə yaradılıb. Dünyada təhsilin gündəmində olan məsələlər, ali təhsildə baş verən yeniliklər, gələcəyə baxış, qarşıda duran problemlərin həlli yolları və digər məsələlər bu platformada müzakirə olunur. ADNSU 2015-ci ildən qeyd etdiyim təşkilatın üzvüdür".
Mustafa Babanlı qeyd edib ki, Beynəlxalq Universitet Prezidentləri Assosiasiyasının prezidenti Kaxa Şengeliya Dünya Universitetləri Rektorlarının Assosiasiyasının prezidenti kimi bu il Azərbaycanı ev sahibi seçib: "Bu platformadan istifadə edib Azərbaycan və Gürcüstan rektorlarının iclaslarını keçirmək fikrimiz var. Gürcüstan heyəti belə təklif edib ki, Gürcüstan və Azərbaycan ali məktəblərinin assosiasiyası yaradılsın. İldə bir dəfə Azərbaycanda, bir dəfə də Gürcüstanda bu assosiasiyanın iclaslarını keçirib, qonşu ölkələrin ali məktəblərinin bir-birinə inteqrasiyası və mobillik məsələlərini həll edək".
Beynəlxalq Universitet Prezidentləri Assosiasiyasının prezidenti Kaxa Şengeliya Azərbaycan universitetləri ilə işləməkdən məmnun olduqlarını bildirib: "Beynəlxalq Universitet Prezidentləri Assosiasiyasının Azərbaycandan 5 universitet üzvü, yəni 5 rektor üzvü var. Həm azərbaycanlı rektorlar, həm də universitetlərlə növbəti 5 il üçün də birgə fəaliyyətimizi davam etdirəcəyik. Mustafa Babanlının dəvəti bizim üçün həm də gözəl Bakını görməyə bir şansdır".
Qeyd edək ki, Beynəlxalq Universitet Prezidentləri Assosiasiyasının konfransında təhsil naziri vəzifəsini icra edən Ceyhun Bayramov, Gürcüstanın təhsil və elm naziri Mixail Çxenkeli, 20-dən çox ölkədən 60-dək rektor və digər qonaqlar iştirak edib.