Astarada 15 ədəd partlamamış top mərmisi tapıldı

Astarada 15 ədəd partlamamış top mərmisi tapılıb.

 

APA TV-nin cənub bürosunun məlumatına görə, mərmilər şəhərin Həzi Aslanov küçəsində qazma işləri aparılarkən sakinlər tərəfindən aşkar olunub. Bu barədə dərhal DİN-in "102 zəng mərkəzi"nə məlumat verilib.

 

Əraziyə ANAMA-nın xüsusi əməliyyat qrupu cəlb olunub. Baxış keçirilən zaman həmin yerdən tapılan sursatın 10 ədəd 82 mm-lik BK-881, 2 ədəd 107 mm-lik BK 883, 1 ədəd 82 mm-lik O-832 və 2 ədəd 73 mm-lik BK markalı top mərmiləri olduğu məlum olub.

 

ANAMA-nın əməkdaşı Böyükağa Haqverdiyevin sözlərinə görə, xüsusi mobil əməliyyat qrupu əraziyə gələrək baxış keçirib, 800 kv. m yerüstü, 30 kv. m yeraltı təmizləmə aparıb, cəmi 15 sursat aşkar edilib. Bunlardan 10 ədəd 82 mm-lik BK-881, 2 ədəd 107 mm-lik BK 883, 1 ədəd 82 mm-lik O-832 və 2 ədəd 73 mm-lik BK top mərmisi aşkar olunub. Ərazi tam olaraq yoxlanılıb, ərazidə əlavə heç bir partlayıcı və partlayıcı maddə aşkar olunmayıb.

 

Partlamamış top mərmiləri ərazidən götürülərək zərərsizləşdirilmək üçün Bakı şəhərinə aparılıb.

Müəllif | Apa.Tv
Leyla Behbudlu