Azərbaycan prezidenti: ""Şahdəniz 2" dünyada ən iri enerji layihələrindən biridir"
""Şahdəniz 2" layihəsi dünyada ən iri enerji layihələrindən biridir. Bu, enerji təhlükəsizliyi, enerji şaxələndirilməsi, bu tarixi layihəyə cəlb olunmuş ölkələr və şirkətlər arasında geniş beynəlxalq əməkdaşlıq layihəsidir".
APA-nın xəbərinə görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Bakıda “Şahdəniz” layihəsinin ikinci mərhələsi üzrə yekun investisiya sazişinin imzalanması mərasimində çıxış edərkən deyib. Dövlət başçısı Azərbaycanın enerji strategiyasının formalaşdığı 90-cı illəri xatırladıb. O qeyd edib ki, müstəqillik əldə etdikdən 3 il və Ermənistanla atəşkəs sazişinin imzalanmasından 4 ay sonra Azərbaycan “Əsrin müqaviləsi”ni imzalayıb və bununla da ilk dəfə Xəzər dənizinə xarici investisiyalar cəlb olunub və bu, ölkənin inkişafına öz töhfəsini verib: “Həmin müqavilə XX əsrin müqaviləsi adlandırıldı, “Şahdəniz” sazişi isə bəlkə də XXI əsrin müqaviləsi adlandırılacaq. Bugünkü imzalanma mərasimi müstəqil Azərbaycanın energetik inkişaf tarixində vacib bir mərhələdir. Bu, enerji təhlükəsizliyi, enerji diversifikasiyası, cəlb olunan ölkələr və şirkətlər arasında geniş beynəlxalq əməkdaşlıqla bağlı tarixi bir layihədir”.
İlham Əliyev 2011-ci ildə Azərbaycanla Avropa Birliyi arasında imzalanan strateji əməkdaşlığa dair Memorandumun ölkənin enerji strategiyasının inkişafına, Avropaya qazın nəqlinin diversifikasiyasına kömək etdiyini söyləyib: “2012-ci ildə Türkiyə ilə TANAP sazişi imzalandı, 2013-cü ildə isə TAP Azərbaycan qazının Avropaya nəqli üzrə əsas layihə kimi seçildi. Hələlik biz birgə səylər tələb edən nəhəng layihənin başlanğıcındayıq”.
Prezident ARDNŞ və BP-yə təşəkkür edərək bildirib ki, onların 20 illik əməkdaşlıq tarixi var. Bu gün imzalanan sənəd strateji tərəfdaşlığı azı 40 il, hətta mümkündür ki, daha çox davam etdirməyə imkan verəcək.
İ. Əliyev Azərbaycanın beynəlxalq institutlarla sıx əməkdaşlığını xüsusi qeyd edərək bildirib ki, diversifikasiya və şəffaflıq uğurlu əməkdaşlığın əsas elementləridir. Prezident Azərbaycanın layihəyə cəlb olunan Gürcüstan, Türkiyə, Albaniya, İtaliya və Bolqarıstanla sıx əməkdaşlığına ümid etdiyini bildirərək daha sonrakı mərhələdə Monteneqro və Xorvatiya ilə fəal əməkdaşlığın başlanacağını bildirib.
Prezident vurğulayıb ki, Azərbaycan heç vaxt öz enerji potensialından başqa məqsədlərlə istifadə etməyib.