Səlim Müslümov: "Prezidentin fərmanı 8800 nəfərə şamil olunacaq"
"Prezident İlham Əliyevin ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında fərmanı 8800 nəfərə şamil olunacaq".
APA TV-nin məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri əvəzi Səlim Müslümov bildirib: "Göründüyü kimi hardasa 95-100 milyon manat vəsaitin tələb olunacağını görmək mümkündür. Müvafiq əmr imzalanacaq, komissiya yaradılacaq və həmin komissiya özü də birbaşa bu sənədləri qəbul etmək iqtidarında olacaq".
Nazir əvəzi vurğulayıb ki, sözügedən sənəd yalnız 1997-ci il avqustun 2-dək olan dövrü əhatə edəcək və sənədə əsasən, bu kateqoriyadan olan şəxslərin ailələrinə 11 min manat birdəfəlik maddi yardım veriləcək.
Qeyd edək ki, bu kateqoriyadan olan şəxslərin ailə üzvləri müvafiq sənədləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, habelə qurumun yerli şöbələrində yaradılacaq komissiyaya şəxsən təqdim etməlidirlər. Müvafiq prosedurlardan sonra adı çəkilən şəxslər vəsaiti bank hesabı vasitəsilə ala biləcəklər.