Qaradağda ev və mağazaların qənimi tutuldu
Qaradağ rayonunun Lökbatan qəsəbəsində vətəndaş Həbib Həsənovun evindən oğurluq edilib.
DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, bu barədə zərərçəkən Qaradağ Rayon Polis İdarəsi 10-cu Polis Bölməsinə məlumat verib. O, şikayətində mənzilindən pul və qızıl-zinət əşyalarının oğurlandığını bildirib.
Qaradağ Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi və 10-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş, Masallı rayon sakini Rafiq Mirağayev saxlanılıb. Aparılan istintaq hərəkətləri nəticəsində onun digər oğurluq cinayətlərinin də üstü açılıb və o, ifadəsində etdiyi oğurluqları etiraf edib.
Faktla bağlı cinayət işi başlanılıb. R.Mirağayevin başqa hansısa cinayətdə iştirak edib-etmədiyi araşdırmalardan sonra məlum olacaq.