Samir Şərifov: “"EKSPO 2025" Bakıda keçirilsə, 765 milyon avro xərclənəcək”

Beynəlxalq Sərgilər Bürosunun qiymətləndirmə missiyasının Bakıya səfəri baş çatıb.

 

APA TV-nin məlumatına görə, səfərin yekunlarına dair mətbuat konfransında maliyyə naziri vəzifəsini icra edən, həmçinin 2025-ci ildə Beynəlxalq Sərgilər Bürosunun Ümumdünya Ekspo Sərgisinə ev sahibliyinə Bakı şəhərinin namizədliyi üzrə İşçi Qrupunun sədri Samir Şərifov bildirib ki, qiymətləndirmə missiyasının üzvləri sərginin keçiriləcəyi əraziyə baş çəkib. Onun sözlərinə görə, layihənin gerçəkləşməsi biznes imkanlarının genişlənməsi, yeni iş yerlərinin açılması və ümumilikdə iqtisadiyyatın inkişafına stimul verilməsi baxımından əhəmiyyətlidir:

"Dəqiq hesablamalar aparılıb. Bununla əlaqədar, Bakının ev sahibliyi edəcəyi təqdirdə yeddi il ərzində ildə təxminən 120 milyon avroya qədər xərc çəkiləcək. Və ümumi olaraq sərginin meydançasının tikilib hazırlanması üçün ümumi xərclər 765 milyon avro dəyərində qiymətləndirilir".

 

Samir Şərifov əlavə edib ki, sərgi üçün tikiləcək ərazi daha sonra yaşayış kompleksinə çevriləcək və orada tam müasir şəhər parkı salınacaq.

 

Beynəlxalq Sərgilər Bürosunda Azərbaycan nümayəndə heyətinin rəhbəri  Elçin Əmirbəyov bildirib ki, bu il Azərbaycanın Ekspo hərəkatına üzvlüyünün 10 ili tamam olur. Bu illər ərzində təşkilatla sıx əməkdaşlıq edilib. Əlavə edib ki, "Ekspo 2025" Ümumdünya Sərgisinin Bakıda keçirilməsi insan kapitalının inkişafına mühüm töhfə verəcək.

 

Beynəlxalq Sərgilər Bürosu İcra Komitəsinin sədri Cai-Çuil Çoi qeyd edib ki, layihənin həyata keçməsi həm Bakının tanıdılması, həm də turizmin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir.

 

Büro sədrinin müavini Dmitri Kerkentzes isə çıxışında Bakının ev sahibliyinin Azərbaycanda bir çox sahələrdə inkişafa töhfə verəcəyini vurğulayıb.

 

Müəllif | Apa.Tv
Apa.tv