Türkiyə ABŞ-da saxladığı 28,7 ton qızılını ölkədən çıxardı

Türkiyə Mərkəzi Bankı ABŞ-dan öz qızıl ehtiyatlarını çıxarıb.

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu barədə mərkəzi bankın rəsmi internet səhifəsində yerləşdirilən hesabatda qeyd olunur.

 

2017-ci il ərzində Türkiyənin ABŞ-ın Federal Rezerv Bankında ümumilikdə 28,7 ton  qızılı var idi. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın "beynəlxalq valyutaların təzyiqinə davam gətirmək üçün qızıl ehtiyatlarımızdan istifadə etməliyik" açıqlamasından sonra bank bu barədə qərar qəbul edib. Türkiyə Mərkəzi Bankının bu qərarından sonra artıq digər yerli banklar da öz qızıl ehtiyatlarını ABŞ-dan çıxarmağa başlayıb.

 

Türkiyənin xarici ölkələrdə ümumilikdə 220 ton qızıl ehtiyatı saxlanılır.

 

Bu arada "Ziraat" və "Vakıf" bankları da Böyük Britaniyadan ümumi çəkisi 95 ton olan qızıl ehtiyatlarının daşınmasına başlayıb.

 

ABŞ mətbuatının yaydığı xəbərlərə görə isə rəsmi Ankara Vaşinqtonla arasındakı gərginliyin artması səbəbi ilə bu addımı atıb.

 

Qeyd edək ki, Türkiyənin ABŞ-dakı qızıl ehtiyatı 23,5 milyard dollar dəyərində qiymətləndirilir.  

 

 

 

Müəllif | Apa.Tv
Hikmət Zeynallı