Kamran İmanov: "Ermənilər əqli mülkiyyətimizi də oğurlayıblar"

Bakıda “Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını və uydurmalarını ifşa edir” mövzusunda konfrans keçirilib.

 

APA TV-nin məlumatına görə, ənənəvi konfrans bu il ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunub.

 

Konfransı giriş sözü ilə açan Kamran İmanov tarixşünaslıqda “armeniya” termininin etimologiyası ilə bağlı geniş məruzə edib. İşğal olunan ərazilərdə Azərbaycana məxsus maddi və qeydi-maddi mədəni irs nümunələrinin saxtalaşdırılaraq mənimsənildiyini vurğulayıb. “Ərazi iddiaları ilə yanaşı, ermənilər əqli mülkiyyətimizi də oğurlayıblar, mədəni ənənələrimizi özününküləşdiriblər” -deyə, Kamran İmanov əlavə edib. 

 

Müəllif Hüquqları Agentliyinin sədri qlobal rəqəmli şəbəkədə əqli mülkiyyət hüquqları ilə qorunan obyektlərdən istifadə edilməsinə “one-stop-shop” formatında və onlayn qaydada icazə verilməsinə əsaslanan rəqəmli hüquqları idarəetmə sistemi (Digital Right Management) yaradıldığını, tam olaraq istifadəyə verildiyini bildirib. O qeyd edib ki, hazırda sistem çərçivəsində elektron bazanın formalaşdırılması üzrə işlər davam etdirilir. Azərbaycan mədəni irsinə aid 2100-ə yaxın mətn, foto, audio, video material rəqəmsallaşdırılıb, elektron bazaya yüklənib və xüsusi qorunma su nişanları ilə təchiz edilib.

 

Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov bildirib ki, tarixlə bağlı araşdırmalar davam etməlidir. Bu, həqiqətlərin üzə çıxarılmasında mühüm əhəmiyyət kəsb edir. Fəttah Heydərov Azərbaycana məxsus torpaqların beynəlxalq hüquq müstəvisində geri qaytarılacağına əminliyini vurğulayıb.  

Müəllif | Apa.Tv
Nigar Həsənli