Ərdoğan: "Fənərbaxça" - "Beşiktaş" oyununda təxribat olub
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün baş tutan "Fənərbaxça" - "Beşiktaş" oyunu zamanı baş verənlərə münasibət bildirib.
APA TV-nin məlumatına görə, prezident hər iki komandaya qarşı təxribat olduğunu deyib: "Futbol terrorundan ötə bir şeydir. Açıq danışmalıyam. Burda təxribat da var. Diqqət etdinizsə hadisə künclərdə oldu. Dörd küncdə. Künc zərbələri yerinə yetirilərkən bunlar oldu. Tribunalarda olan terroru kimlərsə idarə etdi. Bu özü-özünə baş verən şey deyil".
Türkiyə prezidenti Şenol Günəşə qarşı edilən hərəkətin bağışlanacaq bir şey olmadığını qeyd edib. O, klub rəhbərlərinə və Şenol Günəşə zəng etdiyini bildirib:
"Görək federasiya nə tədbir görəcək. Biz də İdman və Gənclik Nazirliyi olaraq, hökumət olaraq məsələnin üstünə gedəcəyik".
Qeyd edək ki, dünən keçirilən Türkiyə Kubokunun yarımfinal görüşündə "Fənərbaxça" "Beşiktaş"ı qəbul edib. Oyun ikinci hissədə baş verən hadisələr səbəbindən dayandırılıb. "Beşiktaş"ın ehtiyat oyunçuları "Fənərbaxça" azarkeşləri arasında baş verən qalmaqalda baş məşqçi Şenol Günəş başından yaralanıb.