Siyavuş Novruzov: "Bəlkə göydən dollar yağır?"
Milli Məclis “Qeyri-hökumət Təşkilatları haqqında” qanun layihəsinə dəyişikliklər edib. APA TV-nin xəbərinə görə, qanun layihəsi barədə çıxış edən hüquq siyasəti komitəsinin sədri Əli Hüseynli bildirib ki, dəyişikliklər ölkədə fəaliyyət göstərən QHT-lərin işinin şəffaflaşdırılmasına xidmət edir. Millət vəkili Zahid Oruc bildirib ki, təklif edilən dəyişikliklər təqdirəlayiqdir: "Leyla Yunus 320 min avrodan çox vəsait alıb. Əgər bunlar əməli-salehdirsə, niyə özlərinin yoxlanılmalarına etiraz edirlər. Buna mənim şübhəm yoxdur ki, ATƏT-in Varşava bürosu casus şəbəkəsidir. Elə son hadisəni qeyd edim ki, həmin o Seçki Monitorinq Mərkəzinin hesabatlarını olduğu kimi öz yekun hesabatlarında dərc etdilər”.
Millət vəkili Siyavuş Novruzov isə deyib ki, Azərbaycanda bir sıra siyasi partiyalar yaranmış QHT-lər vasitəsilə maliyyələşir. Ona görə də həmin partiyalar bu günə qədər öz maliyyə hesabatlarını bir dəfə də təqdim etməyib: "Siyasi partiyaların rəhbərlərinin gəlir deklarasiyaları ilə bağlı hesabatlarında onların gəlirləri sıfır yazılıb. Bunlar sıfırla yaşayırlar. Heç nə yoxdur, ancaq günü-gündən rəngi açılır, çəkisi artır, sürücülər, cangüdənlər saxlayır. Bunların qərargahlarına göydən dollar yağır, bizim xəbərimiz yoxdur?”
Bundan əlavə qanuna əsasən, Azərbaycanda qeyri-hökumət təşkilatı yaratmaq istəyən əcnəbilərə şərt tətbiq olunacaq. Əlavəyə əsasən, əcnəbilər ölkədə təşkilat yaradarkən mütləq özlərinə müavin olaraq Azərbaycan vətəndaşı götürməli olacaqlar. Daha sonra “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanuna dəyişiklik edilib. Dəyişikliyə əsasən Azərbaycanda baş qərargahı olmayan siyasi partiya fəaliyyət göstərə bilməyəcək.