Şimali Koreya nüvə və raket sınaqlarını dayandırdı - KİM ÇEN IN RAZILIĞA GƏLDİ
Şimali Koreya nüvə və raket sınaqlarının həyata keçirilməsini dayandırıb. APA TV-nin “Rönhap” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Şimali Koreya lideri Kim Çen In bəyan edib.
Məlumata görə, aprelin 21-dən etibarən Şimali Koreya nüvə sınaqları və qitələrarası ballistik raketlərin buraxılışını dayandırır. Həmçinin ölkənin şimalındakı nüvə poliqonunun fəaliyyəti dondurulur.
Bu barədə qərar hakim Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin iclasında qəbul edilib. Qərarda bildirilib ki, Şimali Koreya nüvə təhdidi və ya təxribatı olmadığı təqdirdə heç vaxt nüvə silahlarından istifadə etməyəcək.
Qeyd edək ki, hazırda ABŞ və KXDR liderlərinin görüşü hazırlanır. Aprelin 19-da ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla görüşəcəyini təsdiqləyib. Bundan əvvəl D.Tramp Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru, dövlət katibi vəzifəsinə namizəd Mayk Pompeonun ötən həftə Pxenyanda Kim Çen Inla görüşdüyünü bildirib.